Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlikdə geyim

Çəkinizin hər həftə 180-200 q artdığı bu həftələrdə gardirobunuza nəzər salmaqda fayda var. Hamiləlik zamanı çox sayda geyim almağa əlbəttə ki, dəyməz. Nə də olsa qısa müddət sonra bu paltarlar sizin üçün geniş olacaq, istifadəsiz qalacaqlar. Ona görə də yaxşı olar ki, alacağınız geyimləri diqqətlə seçib bir-biri ilə uyğunlaşdırasınız.

Gəlin başlayaq şalvarlardan.

Əgər gündəlik həyatınızda şalvar geyinməyə üstünlük verirsinizsə, bir cins, bir qara şalvar almanız yaxşı olar. Yay fəslidirsə, ağ şalvar da bir çox açıq rəngli köynəklə uyğunlaşdırmaq üçün yaxşı seçim ola bilər.

Əgər ətək geyməyə üstünlük verirsinizsə, tünd rənglərə üstünlük verməyə çalışın.

Köynək seçərkən hava keçirən materialdan olmasına, aldığınız şalvar və ətəklə uyğun olmasına diqqət edin. 3 ədəd T-shirt, 2 köynək bütün hamiləlik müddətində sizə bəs edəcəkdir.

Yaz və payız aylarında əvvəlki plaş və jaketlərinizi geyinib önünü açıq qoy bilərsiniz.

Qışda isə panço model paltonuzu geyinə bilərsiniz. Əgər palto və ya gödəkçə alacaqsınızsa, yüngül olmasına, qarnınızı sıxmamasına diqqət edin. Nəzərə alın ki, bu həftədən sonra çəkiniz daha sürətlə artacaqdır.

Paltar həm qışda, həm yayda hamilə qadınlar üçün ən rahat geyimlərdəndir. İşləyirsinizsə həm iş, həm qonaqlıqlarda geyinə biləcəyiniz paltar almaq yaxşı fikir ola bilər.

Çalışın 2 dəst yumşaq, hava keçirən parçadan tikilmiş pijama alasınız. Çox zaman hamilələr üçün satılan pijamalar həm də laktasiya dövründə olan analar üçün nəzərdə tutulmuş olur. Döş hissəsi rahat açılıb-bağlanır. Əgər belə pijama seçsəniz, gələcəkdə körpənizi əmizdirərkən də istifadə edə bilərsiniz.

Alt paltarlarınızın pambıq, yumşaq, hava keçirən materialdan olmasına, sizi sıxmamasına diqqət edin. Büstqalter seçərkən çalışın açılıb-bağlanan, əmizdirərkən də istifadə edəcəyiniz model olsun.

Hamiləlikdə ayaqqabı seçərkən də çalışın ayağınızın fizioloji quruluşuna uyğun, sizi sıxmayan, rahat ayaqqabı seçəsiniz.

Çox geyim alıb məsrəfə girməyin. Ağıllı seçimlər edib rəng tonlarını uyğunlaşdıraraq, müxtəlif aksesuarlardan istifadə edərək geyimizə rəng qata bilərsiniz.