Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik zamanı ilkin psixoloji dəstək

 

Bəlkə də yazını oxuyan zaman siz ilk və ya ikinci hamiləliyinizi yaşayır, yaxud artıq bu prosesi keçmisiniz. Hamiləlik - ana olmağa hazırlaşan hər bir qadın üçün həm fizioloji, həm də psixoloji olaraq dəyişikliklərin olduğu bir prosesdir. Bu zaman qadınlar yalnız fizioloji cəhətdən deyil, həmçinin  psixoloji aspektdən də müxtəlif  dəyişikliklər yaşayır. Gün ərzində fərqli hissləri eyni anda yaşamaq, emosional vəziyyətin normadan artıq olması, əhval dəyişikliklərinin stabil qaydada olmaması, deyilən hər bir sözə qarşı aşırı həssas yanaşma hamiləlik psixologiyasında ən çox müşahidə olunan hallardandır. Bu cür halların olması tamamilə təbii olub, ən çox psixoloji dəstəyə ehtiyac duyulan anlardan hesab olunur. Çünki hamilə qadınlar bu vaxt  “həyat yoldaşı” sosial rolundan artıq “ana” modelinə keçid alır. Rol keçidi zamanı isə hamilə qadınlara ilkin psixoloji dəstək mütləqdir. Onlar emosional cəhətdən həssas bir dönəmdən keçdiklərinə görə bu prosesdə hamilələrin yanında olduğunuzu göstərməlisiniz. Hamiləlik zamanı ilkin psixoloji dəstək dedikdə isə, əsas olaraq, həyat yoldaşının hamilə qadınla münasibəti və ünsiyyəti, ona davranışı nəzərdə tutulur. Belə ki, əgər yoldaşınız hamilədirsə, ona bu şəkildə ilkin psixoloji dəstək göstərə bilərsiniz:

1.   Emosional cəhətdən onunla birlikdə olun.

  Hamiləliklə əlaqədar olaraq, qadınlar aşırı dərəcədə həssas olur. Sizin ona dediyiniz hər hansı bir söz yoldaşınızın emosiyalarına təsir edər, hətta bəzən onu qıcıqlandıra bilər. Bu zaman kifayət qədər anlayışlı davranıb, onun hisslərinin hal-hazırkı vəziyyətlə əlaqədar olduğunu unutmayın. Sadəcə fiziki baxımından deyil, həmçinin mənəvi cəhətdən də onunla birlikdə olduğunuzu hər daim bildirin.

2.   Yoldaşınız üçün aktiv dinləyici olun.

Adətən, evlilik zamanı ən çox rast gəlinən problemlərdən biri tərəflərin bir-birini dinləməməsi, əvvəlki kimi birlikdə vaxt keçirə bilməmək problemidir. Bu problemin, xüsusilə, hamiləlik müddətində da davam etməsi hamilə qadınlar üçün neqativ təsirsiz ötüşmür. Ona görə də bu zaman ərzində yoldaşınızla daha çox ünsiyyətdə olmaq, onunla yaşadıqlarını bölüşmək və dinləməklə bu yolu birlikdə gedə bilərsiniz.

3.   Yoldaşınızdan əvvəlki “o” olmağı gözləməyin.

Hamiləlik psixologiyasında daha çox müşahidə olunan hallardan biri də tərəflərdən birinin gözləntilərinin əvvəlki qaydada olmasıdır. Ancaq unutmaq olmaz ki,  qadın hamiləlikdən əvvəl olduğu kimi eyni cür davrana bilməz. Burda həm psixofizioloji dəyişikliklər, həm də hamiləlikdən qaynaqlanan emosional vəziyyətin stabil olmamasının da öz  rolu vardır.

4.   Həkim görüşlərinə birlikdə gedin.

Fizioloji olaraq, hamiləlik qadınlara aid proses olsa da, psixoloji cəhətdən bu, həm gələcək ataya, həm də anaya aiddir.  Buna görə də hamiləlik dövründə həkim görüşlərinə belə birlikdə getmək, gələcək ananı bu zaman da tək qoymamaq lazımdır. Çünki psixoloji cəhətdən anada yarana biləcək hər hansı qorxular yaxud itirmək duyğusunun qarşısı da məhz bu formada alına bilər.

5.   Övladınızın gələcək həyatı ilə bağlı birlikdə planlar qurun.

Hamiləlik zamanında yaşanıla biləcək hər hansı psixoloji gərginliyi aradan qaldırmağın yolu gərginliyi xoş hisslərlə əvəz etməkdir. Bunun üçün övladınız barədə birlikdə planlar qura, onun sizin həyatınızda ifadə etdiyi rolu yazılı şəkildə təsvir edə bilərsiniz. Bu zaman şüuraltı olaraq, sizdə artıq müsbət fikirlər, düşüncələr və xoş duyğular yaranacaqdır.

                                                                                                     Psixoloq Aidə Səlim