Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hestasion hipertenziya

Hestasion hipertenziya nədir və nə üçün meydana çıxır?

Hamiləlik zamanı meydana çıxan hipertenziv vəziyyətlərə – hestasion arterial hipertenziya, preeklampsiya, eklampsiya, xroniki arterial hipertenziya (essensial və ya ikincili olaraq böyrək, endokrin və ya digər patologiya ilə əlaqəli) aiddir. Xroniki arterial hipertenziya – hamiləliyin 20-ci həftəsinə qədər mövcud olan və doğuşdan 6 həftə keçdikdən sonra saxlanılan hipertenziyadır. Hestasion arterial hipertenziya – hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsidir. Preeklampsiya – adətən arterial təzyiqin yüksəlməsi və proteinuriya ilə müşayiət olunan polisistem sindromdur.

Hipertenziya diaqnozu sistolik arterial təzyiq ≥140 mm.c.süt. və/və ya diastolik arterial təzyiq birinci ölçülmədə ≥ 110 mm.c.süt., və ya iki ölçülmədə ≥ 90 mm.c.süt. olduqda qoyulur. Ağır hipertenziya diaqnozu sistolik arterial təzyiq ≥160 mm.c.süt. və/və ya diastolik arterial təzyiq birinci ölçülmədə ≥ 120 mm.c.süt., və ya iki ölçülmədə ≥ 110 mm.c.süt. olduqda qoyulur.

Bu, hamiləliyin ən geniş rast gəlinən ağırlaşmalarından biridir. Bu, bütün hamiləliklərin 5%-də və ilk hamiləliklərin 10%-də meydana çıxır. Aşağıdakı hallarda qadınlar hestasion hipertenziya riski altındadırlar:

• İlk dəfə ana olurlar

• Bacıları və ya analarında hestasion hipertenziya qeyd olunmuşdur

• 18 yaşdan cavan və ya 35 yaşdan yuxarıdırlar

• Hamiləlikdən öncə yüksək qan təzyiqinə malik olmuşlar

• Piylənmə – bədən çəkisi indeksi ( BÇİ ) 35-dən yuxarı

• Anamnezində preeklampsiya/eklampsiya olan hamilə qadınlar

• Doğuşlar arasında interval 2 ildən az, 10 ildən çox olduqda

• Çoxdöllü hamiləlik (B)

• Ekstragenital xəstəliklər ( Hipertoniya, Böyrək xəstəlikləri, Ürək-damar sisteminin xəstəlikləri, Şəkərli diabet, Antifosfolipid sindromu)

20-ci həftədən sonra, preeklampsiyaya yarana bilər ki, bu, yüksək qan təzyiqi və sidikdə zülal ilə xarakterizə olunan ağır bir vəziyyətdir. Səhiyyə xidmətləri təminatçınız sizi hestasion hipertenziya baxımından izləmək üçün qan təzyiqinizi kontrol edəcək və sidiyiniz tərkibindəki zülalın miqdarını ölçəcək. Bu iki testin nəticələri sizə hestasion hipertenziyaya malik olub-olmadığınız və ya preeklampsiya inkişafi riskinin mövcudluğu haqda məlumat verəcək. Hipertenziyaya malik olduğunuz təqdirdə, preeklampsiyaya işarə edə biləcək simptomlar, o cümlədən baş ağrısı, görmənin bulanması, başgicəllənmə, ürəkbulanma və ya qusma, nəfəs darlığının mövcudluğuna diqqət edin. Hamiləlikdən öncə yüksək qan təzyiqinə malik idinizsə, və ya hamiləlik müddətində yüksək qan təzyiqinin inkişafı və ya daha da ağırlaşması riskinizi artıran amillər varsa, asetilsalisil turşusu qəbulundan fayda əldə edə bilərsiniz. Preeklampsiyanın inkişafı üzrə yüksək risk qrupuna aid olan qadınlarda kiçik dozada aspirinin istifadəsinin faydası qeyd olunur.

Preeklampsiya nədir?

Preeklampsiya, yüksək qan təzyiqi və sidikdə zülalın mövcudluğu ilə xarakterizə olunaraq, hamiləliyin potensial ciddi bir ağırlaşmasıdır. Bunun tam olaraq nədən baş verdiyi məlum deyil, lakin cift damarlarının yanlış inkişafı ilə başladığı düşünülür. Preeklampsiyanın yeganə müalicəsi körpənin doğulmasıdır, beləliklə hamiləliyinizin erkən dönəmində diaqnostika edilibsə, bu, idarəsi çox çətin bir ağırlaşma ola bilər.

Hestasion hipertenziya və preeklampsiya necə müalicə edilir?

Yüksək qan təzyiqiniz varsa, orqanlarınızın yaxşı çalışmaqda davam etdiyini görmək üçün bir sıra digər müayinələrə məruz qala bilərsiniz (məs., qaraciyər və böyrək funksional sınaqları). Ağır dərəcəli hipertenziyanız varsa, müalicə üçün stasionara qəbul edilməniz mümkündür və beləliklə körpəniz izlənilə bilər. Hipertenziyanızın ağırlığından asılı olaraq, müalicə aşağıdakıları ehtiva edə bilər:

•   İstirahət

• Kalsium əlavələri

• Dərman vasitələri

• Körpənizin doğulması (neçə həftəlik hamilə olmanızdan asılıdır)