close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Hamiləliyin başlanğıcı və ilkin dəyişikliklər

 

Hamiləliyinizin başlanğıcı cinsi əlaqənin olduğu gün deyil, bundan təxminən 14 gün əvvəl, yəni son menstruasiyanın (aybaşı) ilk günündən qəbul edilir. Yəni, aybaşınızın başladığı gün hamiləliyiniz başlanğıc günü hesab olunur. Ancaq bu zaman ovulyasiyanın (mayalanmaya hazır olan yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) günü dəqiq  məlum olmadığı üçün bu üsulu da tam dəqiq məlumat hesab etmək olmaz.

 

Hamiləlik ümumilikdə 280 gün yəni 40 həftə davam edir. Hamiləlik hesablaması isə ay deyil, həftə ilə ölçülür.

Hamiləlik qadın yumurta hüceyrəsinin kişi yumurta hüceyrəsi (spermatozoid) ilə uşaqlıq borusunda birləşməsindən - mayalanmadan başlayır. Mayalanmış yumurta hüceyrəsi bölünməyə və uşaqlıq borusu ilə hərəkət etməyə başlayır və 7-8 gün ərzində uşaqlıq boşluğuna çatır. Bölünmə yolu ilə artan və “blastomer” adlanan hüceyrələr kompleksi ifraz etdikləri fermentlərin təsiri ilə uşaqlığın selikli qişasını əridərək oraya implantasiya olurlar (birləşirlər). Əgər mayalanmış yumurta hüceyrəsi uşaqlığa deyil başqa yerə (uşaqlıq borusu, yumurtalıq və ya qarın boşluğuna) implantasiya edirsə, bu zaman patoloji hal sayılan uşaqlıqdankənar hamiləlik baş verir ki, bu da mütləq cərrahi müdaxilə tələb edir.

 

Birinci trimestr və ya hamiləliyin ilk həftələri  hamiləliyin ən vacib, ən məsuliyyətli  dövrüdür. Bu dövrdə  yeni bir həyatın, yeni orqanizmin bütün orqanlarının və sistemlərinin təməli qoyulur, insanın aktiv formalaşması  baş verir. Bu dövrdə döl daxili qıcıqlara və ana orqanizmi vasitəsilə təsir  göstərən istənilən xarici qıcıqlara qarşı xüsusilə həssas olur.

 

Hamiləliyin əlamətləri

Hamiləlik dövründə baş verən dəyişikliklər  mütləq hamilə qadının ümumi vəziyyətində bu və ya digər dərəcədə əks olunacaqdır.  Əlbəttə  bu dəyişikliklər  fərdidir.

Qadınlar hamiləliyin erkən dövrlərində  qeyd olunan   əlamətlər barədə danışdıqda bu əlamətlərin fərqli olması nəzərə çarpır.  Bəzi qadınlar hamiləliyin ilk günündən  hamilə olduqlarını hiss etdiklərini bildirirlər. Digər qadınlar isə yalnız ürəkbulanma , bayılmalar qeyd olunduqdan sonra hamilə olduqlarını bildiklərini deyirlər.

 

Əlamət

 

Hamiləlik müddəti

 

Digər səbəblər

 

Aybaşının  olmaması

Hamiləlik dövründə

Səyahət, yorğunluq,stress, hormonal pozğunluqlar, dərman preparatları və ya təyin olunmuş dərmanların qəbulunun dayandırılması,  laktasiya dövrü

Ürəkbulanma və qusma

2-8 həftə

Qida zəhərlənməsi, infeksiyalar, dərman preparatlarının qəbulu

Sidik ifrazının tezləşməsi

6-8 həftə

Sidik yollarının infeksiyası, dərman preparatlarının qəbulu

Süd vəzilərinin şişkinləşməsi

Hamiləliyin ilk günlərindən başlayaraq bütün hamiləlik dövründə

Aybaşıdan əvvəl, kontraseptiv həblərin qəbulu

 

Uşaqlıq yolunun selikli qişasının rənginin dəyişməsi

Hamiləliyin I trimestrində

Aybaşıdan əvvəl

 

Döş gilələrinin ətrafında olan sahənin tündləşməsi

Hamiləliyin I trimestrində

Hormonal balansın pozulması, əvvəlki hamiləliyin nəticəsi

Döş və qarın nahiyələrində mavi və ya çəhrayı xəttlər

Hamiləliyin I trimestrində

Hormonal balansın pozulması, əvvəlki hamiləliyin nəticəsi

İştahanın artması

Hamiləliyin I trimestrində

Stress, aybaşıdan əvvəl , pəhrizin pozulması

Göbəklə qasıq nahiyəsi arasında olan xəttin tündləşməsi

Hamiləliyin 4-5-ci ayında

 

Hormonal balansın pozulması, əvvəlki hamiləliyin nəticəsi

 

Hamilə qadınların əksəriyyəti  mayalanmadan və döl yumurtası uşaqlıq boşluğuna düşdükdən sonra orqanizmdə baş verən nəzərəçarpan dəyişiklikləri hiss etməyə başlayırlar.

Əsasən hamiləliyin baş verməsini ilk günlərdən başlayaraq  qeyd olunan əlamətlərə əsasən bilmək olur. Bu əlamətlər ananın orqanizmində baş verən dəyişiklilərin təzahürüdür. Bəzi əlamətlər hamiləliyin sonuna qədər davam edir.

Mayalanmadan sonra ilk günlərdə  gələcək anada  ümumi zəiflik, yuxululuq qeyd olunur. Hamiləliyin  başlanğıcı üçün bu əlamətlər normaldir. Hamilə qadına  daha çox dincəlmək və sutka ərzində 9-10 saat yatmaq tövsiyə olunur.

Hamiləliyin başlanmasının daha bir səciyyəvi simptomu  qusma ilə müşayiət olunan ürəkbulanmadır. Bu əlamətlər  günün istənilən vaxtında  qeyd oluna bilər, lakin əsasən səhər saatlarında olur. Bu simptomlar erkən toksikozun ilk əlamətləridir. Erkən  toksikoz əlamətlərinin aradan qaldırılması  vacibdir. Yataqdan qalxmazdan öncə  kreker və ya suxarı yemək, sonra yataqdan qalxaraq bir stəkan su içmək tövsiyə olunur.

Qadın üçün xoşagəlməz olan kəskin  qoxular,  qadın uzun müddət havasız və insanların çox olduğu otaqda qaldıqda ürəkbulanma meydana çıxa bilər. Ürəkbulanma bayılmalarla, başgicəllənmə ilə, zəifliklə və yuxululuqla müşayiət oluna bilər.

Bəzi hallarda hamiləlik iştahanın nəzərəçarpan dərəcədə artması ilə müşayiət olunur. Bundan başqa qadında dad hissiyyatı da dəyişə bilər.  Bəzi qadınlar hamiləliyin birinci trimestrində aclıq hissiyyatının  çox olmasını bildirirlər. Hamiləliyin əvvəlində aclıq hissiyyatı o qədər güclü olur ki, gələcək analar gecə nə isə yemək üçün yuxudan oyanırlar.

Bəzi hallarda hamilələr qida rasionuna tabaşir, kömür, gil kimi qida üçün nəzərdə tutulmayan maddələri daxil edirlər. Bu da orqanizmdə bu və ya digər elementlərin çatışmazlığı ilə izah olunur.

 

Hamiləliyin daha bir təzahürü və əlaməti gələcək ananın  əhval ruhiyyəsinin tez-tez və kəskin dəyişməsidir. Bu hormonal sistemdə olan dəyişikliklərlə əlaqəlidir. Gün ərzində hamilə qadının əhval ruhiyyəsi təxminən 5-8 dəfə dəyişə bilər.

 

Hamiləliyin fizioloji əlamətləri

 

Hamiləliyin erkən dövrlərində fizioloji əlamətlər qeyd oluna bilər. Uşaqlığın ölçüləri böyüməyə başlayır. Böyümüş uşaqlıq sidik kisəsinə təzyiq edir. Təzyiqin hələ zəif olmasına baxmayaraq sidik ifrazının tezləşməsi  qeyd olunur.

Süd vəzilərində də dəyişiklilər qeyd olunur. Süd vəziləri böyüyür, şişkinlik  qeyd olunur. Bəzi hallarda süd vəzilərində ağrı da ola bilər. Gilələrin  rəngi tündləşir, böyümə qeyd olunur. Beləliklə süd vəzilərinin gələcək laktasiyaya hazırlığı baş verir.

 

 

Nəticə

Hamiləliyin ilk günlərinin və həftələrinin  ən məsuliyyətli dövr olduqunu bilmək və yadda saxlamaq vacibdir. Bu dövr hamiləliyin gedişinə, dölün inkişafına, doğuş prosesinə təsir göstərir.

İlk günlərdə və həftələrdə hamilə qadın öz sağlamlığına ciddi diqqət verməli, zərərli vərdişləri varsa, onlardan uzaq olmalı, qida rasionunu dəyişdirməli və yaxşılaşdırmalıdır ki, hər iki orqanizm ( ananın və uşağın)  sağlamlıq və inkişaf üçün kifayət qədər maddələrlə təmin olunsun.