Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Partnyor doğuşları

 

 

Ümumdünya Səhiyyə Təşkilatının keçən əsrin 80-ci illərində qəbul etdiyi “Təhlükəsiz analıq” proqramının əsas istiqamətlərindən biri təhlükəsiz doğuşların təmin olunmasıdır. Partnyorla doğuş  təhlükəsiz doğuş konsepsiyasının  vacib şərtlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının  “Doğuşayardım texnologiyalarına dair  tövsiyələr”ində doğuşda yaxın insanın iştirakının  qadının psixoloji rifahına müsbət təsiri xüsusi vurğulanmışdır. Partnyorla doğuş –  hamilə qadının seçdiyi  insanın iştirakı ilə keçən doğuşdur. Qeyd etmək lazımdır ki, doğuşda partnyor hamilənin seçimi ilə həyat yoldaşı,  anası, qaynanası, bacısi, rəfiqəsi, digər yaxın hesab etdiyi insan ola bilər. Əsas odur ki, qadın doğuş zamanı özünü tənha hiss etməsin və yanında onu dəstəkləyən bir yaxını olsun. 

Əgər tarixə nəzər salsaq, görərik ki, partnyorla doğuş təcrübəsi qədim zamanlardan mövcuddur. İnsan cəmiyyəti yarandığı gündən qadın dünyaya uşaq gətirəndə yaxınları onu əhatə edirdi. Doğuş zamanı qadın tək olmurdu,  rəfiqələri və qohumları kömək üçün onun yanında olurdular. Müasir dövrümüzü götürsək, partnyorla doğuş Ümumdünya Səhiyyə Təşkilatının 1985-ci ildə Braziliyada keçirilən konfransında qəbul olunmuş “Doğuşayardım texnologiyalarına dair tövsiyələr”də öz əksini tapmışdır. O vaxtdan etibarən “Təhlükəsiz analıq” proqramını qəbul edən bütün ölkələrdə partnyorla doğuş təcrübəyə tətbiq olunmağa başlamışdır.

Partnyorla doğuşlar bütün doğuşayardım müəssisələri tərəfindən tətbiq olunmalıdır. Lakin uyğun şərait təşkil olunduğu təqdirdə. Stasionar tərəfindən uyğun şəraitin təşkili dedikdə fərdi doğum zalı nəzərdə tutulur. Fərdi doğum zalı partnyorla doğuşun həyata keçirilməsi üçün ən vacib şərtlərdən biridir. Əgər fərdi doğum zalı yoxdursa, bir doğum zalında bir neçə qadın doğuş prosesindədirsə, partnyorla doğuşun aparılması qeyri-mümkündür. Çünki bu halda partnyorla doğuşun əsas məqsədi – qadına psixoloji dəstəkdən söhbət gedə bilməz. Əksinə, kənar şəxslərin doğum zalında olması psixoloji diskomfort yarada bilər.

Fərdi doğum zalı olan bütün tibb müəssisələrində partnyorla doğuşa icazə verilməli və bu xidmətin mövcudluğu barədə məlumat əhaliyə çatdırılmalıdır.

İlk olaraq seçim hamilə tərəfindən edilir. Lakin hamilənin seçdiyi şəxs də öz razılığını bildirməlidir. Qəbul şöbəsində partnyor müayinə olunur. Əgər partnyorda hər hansı bir infeksiya əlaməti aşkar olunarsa, doğuşda iştirakına icazə verilmir. Doğum zalına partnyor kimi daxil olan insan nə edəcəyini, hansı yardımı göstərəcəyini bilməlidir.

Partnyorun iştirakı ilə aparılan doğuşlar tədqiqatçıların da diqqətini cəlb etmişdir. Bu sahədə çoxsaylı tədqiqatlar aparılmışdır.Nəticələr partnyorun iştirakı ilə aparılan doğuşların üstünlüklərini müəyyən etməyə imkan vermişdir.

13 391 qadını əhatə edən 16 tədqiqatın nəticələri ilə partnyorla doğuşların davamiyyətinin nisbətən qısa olması, partnyorun iştirakının cərrahi doğuşların və doğuş zamanı medikamentoz ağrıkəsicilərdən istifadənin tezliyini azaltması təsdiq olunmuşdur. Doğuş zalında yaxın adamlardan birinin olması ananın doğuşdan sonra adaptasiyasına, ana və uşaq arasında qarşılıqlı münasibətə, döşlə əmizdirməyə, yenidoğulmuşun vəziyyətinə müsbət təsir edir.

Partnyorun konkret vəzifəsi hamilənin yanında olmaq, ona fiziki və psixoloji dəstək göstərmək, təbii ağrısızlaşdırma üsullarını tətbiq etməklə - massajla, müəyyən nöqtələrə təzyiq etməklə  qadının ağrılarını azaltmaqdan ibarətdir. Partnyor qadına sancı zamanı düzgün tənəffüs etməkdə, qadına onun  üçün rahat vəziyyət almaqda yardım edir. Yanında yaxın bir insanın olması qadını sakitləşdirir, ona ürək-dirək verir. Qadın da bilir ki, çəkinmədən istənilən xahişlə öz partnyoruna müraciət edə bilər. Ən əsası  odur ki, doğuşda olan qadın bir dəqiqə belə tək qalmır.  Partnyorun üzərinə düşən vəzifələrin ona izah olunmasına gəldikdə isə -  yaxşı olar ki, bu bilikləri partnyor doğum evinə gəlməzdən əvvəl almış olsun. Amma istənilən halda mama-ginekoloq və mama partnyora lazım olan məlumatı verir. Doğum zalında olan vizual vəsaitlər də partnyora yardımçı olur.

 

Doğuş zamanı  partnyor – hamilə qadının seçdiyi istənilən bir şəxs ola bilər. Yəni istər həyat yoldaşı, istər anası, istər qaynanası, istər rəfiqəsi - əsas odur ki, hamilə qadın onu seçsin. Bu o deməkdir ki, hamilə  hal-hazırda  həmin şəxsin dəstəyinə üstünlük verir. Partnyor bir nəfər ola bilər.

Burada əsas məqam – hamilə qadının kimin psixoloji dəstəyinə üstünlük verməsidir. İkinci məqam isə seçilmiş insanın razılığı və hazırlığıdır. Əgər hər iki məqam bir-birinə uyğun olursa, nəticə də yaxşı olur. İnstitutumuzun təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, qaynanasına üstünlük verənlər az deyil.  Doğuş prosesində də görünür ki, qadın düzgün seçim edib. Doğrudan da partnyor kimi seçilən qaynanaların gəlinin başının üstündən ayrılmadığını, vacib olan hər bir köməyi göstərdiyini görmüşük.

İstənilən halda nəticə etibarilə partnyorun doğuş prosesinə təsiri müsbətdir və bunu aparılmış çoxsaylı tədqiqatların nəticələri sübut edir. Təbii ki, bütün insanlar eyni deyil. Emosional ləbil insanlara da rast gəlirik.  Bəzi hallarda doğuşda iştirak edən yaxın insan hamilənin keçirdiyi ağrılara dözə bilmir, onun ağrılarını yüngülləşdirmək üçün təcili Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasını tələb edir və s. yaxud partnyor elə hesab edir ki, doğuşda olan qadına dərman preparatlarının istifadə olunmaması diqqətsizlikdən irəli gəlir. Hərçənd ki, “Təhlükəsiz analıq” prinsiplərindən biri əsaslanmamış dərman preparatlarından istifadənin yolverilməz olduğunu əks etdirir. Doğum zalında bütün bunların partnyora izah edilməsi tibb işçiləri üçün əlavə işdir. Ona görə də bir çox ölkələrdə partnyor doğuşları əvvəlcədən planlaşdırılır.Qadın məsləhətxanasında hamiləyə partnyor doğuşları barədə məlumat verilir. Artıq hamiləlik dövründə qadın doğuşda ona dəstək olacaq yaxınını seçir, onun razılığını alır. Analıq məktəbinə də gələcək doğuş partnyoru ilə birlikdə gələrək lazımi məlumatları alır. Doğuşun aparılmasının müasir prinsipləri ona izah olunur. Bu təcrübə Azərbaycanda da tətbiq olunmalıdır. Təəssüf ki, partnyor doğuşları barədə məlumatı bir çox hallarda ancaq hamilə doğum evinə müraciət etdikdə alır, yanında olan bir nəfəri seçir. O insan da hazırlıqsız olduğundan bəzən  tibb işçiləri ona da yardım göstərməli olurlar.

Müxtəlif ölkələrdə doğuşda atanın rolu

·    Almaniya – praktik olaraq bütün doğuşlarda ata iştirak edir və bu böyük entuziazmla qəbul edilir.

·    İsveç – partnyor doğuşları arzuediləndir. Göbək ciyəsini kəsmək adətən ataya həvalə olunur.

·    Fransa - atalara Qeysəriyyə kəsiyi əməliyyatında da iştirak etməyə icazə verilir. 

·    Çin – doğum evlərinin əksəriyyətində ataya doğuşda iştirak etməyə icazə verilir. Həyat yoldaşına qulluq etmək üçün məzuniyyət də verilir.

·    İtaliya - həyat yoldaşının doğuşda iştirakı təkid edilir. Qeysəriyyə əməliyyatı istisna olmaqla. 

·    İspaniya – ata doğuşda iştirak etməlidir, uşağın ilk sənədlərinə ata imza atır. 

·    Türkiyə - şərq ənənəli doğum evlərində ataların iştirakına icazə verilmir. Müasir doğum evlərində icazə verilir.