Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik və tromboz

 

Tromboz dedikdə damar mənfəzinin qan laxtası ilə tutulması nəzərdə tutulur. Tromblar əsasən aşağı ətraf damarlarında yaranır və venaların iltihabına gətirə bilər.  Ağır hallarda ağciyər damarlarının, baş beyin damarlarının, ciftin damarlarının trombozu qeyd oluna bilər.

Xəstəliyin gedişatı damarın bağlanmasının hansı dərəcədə olmasından asılıdır. Adətən ayaqların kiçik trombozu  ciddi bir patologiyaya gətirmir.  Lakin  ağciyər arteriyasının trombozu  qadının həyatı üçün son dərəcə  təhlükəlidir.

Hamiləlik dövründə tromboz riski 4 dəfə yüksəlir, erkən zahılıq dövründə tromboz təhlükəsi daha 14 dəfə yüksəlmiş olur.

Əlavə risk faktorlarına  ananın yaşının 35-dən çox olması, bədən kütləsinin çox olması – BKİ  > 27, çoxdöllü hamiləlik, həkim təyinatı ilə yataq rejimi aid edilir.

Profilaktika

Aşağıda sadalanan tövsiyələrə əməl etməklə Siz aşağı ətrafların ödeminin qarşısını ala və mümkün tromboz riskini azalda bilərsiniz.

-          Çalışın ki, uzun müddət  bir yerdə dayanmayın, oturmayın, xüsusilə yay fəslində. Çalışın ki, hərəkətdə olasınız.

-          Dabansız  rahat  ayaqqabı geyin. Dikdaban ayaqqabı –  ödümli ayaqlar  üçün zəhərdir.

-          Saunaya, buxar  hamamına getməyin. Yüksək temperaturda venalar genişlənir. Kontrast duş, soyuq su ilə ayaqların yuyulması yaxşı təsir göstərir.

-          Sağlam qidalanmafaydalı qidalanma, meyvə və tərəvəzlərin qida rasionuna daxil edilməsi orqanizmdən artıq mayenin xaric olunmasını stimullaşdırır.

-          Yorğun ayaqlar üçün ən yaxşı müalicə - hərəkətdir.  Lakin qaydasında. Həddən artıq fiziki gərginliyə yol vermək olmaz. Üzgüçülük, piyada gəzintisi  ideal profilaktik vasitədir.

 

Müalicə

 

Tromboz əlamətləri qeyd olunduqda mütləq müalicə aparılmalıdır. Qəflətən  bir ayağın şişməsi, şişkinliyin hərarətin yüksəlməsi və “basıcı” ağrılarla müşayiət olunması dərin venaların trombozunun əlamətləri ola bilər. Qəfildən meydana çıxan təngnəfəslik, nəbzin tezləşməsi, şok vəziyyətinə gətirən damar kollapsı ağciyər arteriyasının emboliyasının əlamətidir.

Tromboza şübhə olduqda dərhal  klinikaya müraciət olunmalıdır. Tromboz diaqnozu təsdiq olunarsa, dərhal qanı duruldan dərman preparatları təyin olunur.  Əsasən heparin preparatları təyin olunur.  Göstəriş olduqda heparinlə müalicə hamiləliyin sonuna qədər  və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq  doğuşdan sonrakı dövrdə 6 həftəyə qədər müddət ərzində aparıla bilər.