Piqmentasiyanın artması


Sizin dərinizdə də dəyişikliklər qeyd oluna bilər. Çillər artır, piqment ləkələri meydana çıxır. Günəş altında uzun müddət qaldıqda ləkələr tündləşir. Bu estrogenlərin səviyyəsinin yüksəlməsi ilə əlaqəlidir. Estrogenlər melanin maddəsinin yaranmasını stimulə edir.
Piqmentasiyanın güclənməsi bəzən “hamiləlik maskasının” ( melazma və ya xloazma) meydana çıxmasına gətirir. Hamilə qadının üzündə, ağzının və burnunun ətrafında müxtəlif çalarlı ( açıq sarıdan qəhvəyiyə qədər) piqment ləkələri meydana çıxır. Əksər hallarda piqment ləkələri doğuşdan sonra müalicəsiz keçib-gedir. Lakin bəzi hallarda hamiləlik dövründə qadın üçün nəzərəçarpan bir problemə çevrilir. Makiyajla ləkələri bir qədər gizlətmək mümkündür. Lakin ultrabənövşəyi şüalardan da qorunmaq vacibdir.
Döş gilələrinin tündləşməsi, qarnın orta xətti boyu qəhvəyi xətt də melanin hasilinin yüksək olması ilə əlaqəlidir. Bəzi hallarda budun daxili səthində, qoltuqaltı nahiyədə, cinsiyyət üzvləri nahiyəsində, gözlərin altında da tünd piqmentasiya qeyd olunur. Doğuşdan sonra adətən bu ləkələr aradan qalxır.