Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Epilepsiya

 

Hamiləlik dövründə ən geniş yayılmış ağır nevroloji pozuntulardan biri epilepsiyadır. Gələcək anaların 0,5-1%-də epilepsiya qeyd olunur. Hamiləlik dövründə epilepsiyanın müalicəsinin aparılması vacibdir. Lakin dərman preparatını seçdikdə ehtiyatlı olmaq lazımdır. Məsələn, valproy turşusu dölün patoloji inkişafı riskini artırır.

Hamiləlikdən öncə müalicənin bir aktiv təsiredici maddəli preparatla aparılması vacibdir. Pasiyentlərə dərman minimal dozada təyin olunmalıdır. Əlavə olaraq gündəlik fol turşusunun qəbulu dölü sinir borusunun defektinin inkişafının profilaktikasıdır.

Əgər epilepsiyadan əziyyət çəkirsinizsə, hamiləliklə bağlı ciddi qayğılarınız ola bilər. Amma narahat olmayın, düzgün müalicə fonunda normal hamiləlik keçirməniz və sağlam körpə dünyaya gətirməniz mümkündür. Atmalı olduğunuz ilk addım hamilə qalmadan əvvəl nevropatoloq müayinəsində olmaq və tutmaları kontrol altına alacaq müalicəyə başlamaq idi. Amma əgər müalicə almadan hamilə qalmısınızsa, mümkün qədər tez həkim qəbulunda olmalısınız. Hamiləliyin gedişi boyu həkiminiz tez-tez qəbul etdiyiniz dərmanların dozasını çəkinizə uyğun tənzimləyəcəkdir, bu baxımdan sıx əlaqə qura biləcəyiniz həkim seçməniz önəmlidir.

Hamiləliyin epilepsiyaya təsiri.

Hamiləlik müxtəlif qadınlarda epilepsiyanın gedişinə müxtəlif cür təsir edir. Bəzi qadınlarda tutmaların tezliyini və müddətini uzadır, bəzilərində azalıdır, bəzilərində isə heç bir dəyişikliyə səbəb olmur.

NOT:Hamiləlikdə epilepsiya əleyhinə dərmanların orqanizmdə parçalanma sürəti artdığından qəbul olunan dərmanların dozası həkim tərəfindən tənzimlənməlidir. Həmçinin, xüsusilə ilk trimestrdə ürəkbulanma və qusma oral yolla qəbul olunan dərmanların mənimsənilən miqdarını, beləliklə də effektini azalda bilər. Yaxşı olar ki, dərmanları yatmazdan qabaq qəbul edəsiniz.

NOT: Epilepsiya əleyhinə dərmanlar fol turşusu və D vitamininin parçalanma sürətini artırdığından fol turşusu və D vitamini qəbuluna diqqət edilməlidir.

NOT: Epilepsiya əleyhinə dərman qəbul edən hamilə qadınların körpələrində K vitamini sintezi və K vitamininə bağlı laxtalanma faktorlarının sintezi azalır. Buna görə də, belə yenidoğulmuşlara doğuşdan dərhal sonra əzələdaxili  1mg K vitamini inyeksiya edilir.

Epilepsiyanın hamiləliyin gedişinə təsiri.

Epilepsiya xəstələrində düşük, vaxtından qabaq doğuş, preeklampsiya, dölün bətndaxili inkişaf geriliyi və s. kimi patologiyalar bir qədər daha artıq rast gəlinir. Həmçinin belə uşaqlarda bir sıra anomaliyaların rast gəlmə ehtimalı da normal populyasiyaya nisbətən yüksəkdir. Bu, epilepsiyanın özü ilə deyil, qəbul edilən dərman maddələrinin əlavə təsirləri ilə bağlıdır. Hamiləlikdən əvvəl dərmanları kəsmək ehtimalınızın olub-olmadığını həkiminizdən soruşun. Əgər uzun müddət tutmanız olmasa, bu mümkün ola bilər. Və ya, hamiləliyi planlaşdırdığınız zaman həkiminiz daha az toksik başqa bir dərman yaza bilər.

NOT: Əsla həkminizdən xəbərsiz, sırf dölə ziyan ola biləcəyini düşünüb dərmanlarınızı birdən kəsməyin. Dərmanlar birdən deyil, dozası tədricən azaldılaraq kəsilməlidir. Həmçinin dərman qəbulunu birdən dayandırmaq xəstəliyin gedişini pisləşdirib tutmaların tez-tez təkrarlanmasına səbəb ola bilər ki, bu, həm sizin üçün, həm döl üçün təhlükəli haldır.

Doğuşda tutmanın olmasının qarşısını almaq üçün epilepsiyaəleyhinə dərman maddəsi inyeksiya edilməlidir. Çox zaman epidural anesteziya tətbiq edilir, ki, bu sinir sisteminin daha az qıcıqlanmasını təmin edir və tutmanın baş vermə ehtimalını azaldır.

 

Əgər epilepsiyadan əziyyət çəkirsinizsə, çalışın gündəlik rejiminizə düzgün əməl edəsiniz. Xüsusilə gecə yuxunuza diqqət edin. Kifayət qədər su için. Stressdən, tutmalara səbəb ola biləcək hər hansı qıcıqlandırıcı faktrordan uzaq durmağa çalışın.