Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Qaraciyər xəstəlikləri Hepatit A, Hepatit B, Hepatit C

 

Hepatitlər hal-hazırda geniş miqyasda yayılmış virus xəstəlikləridir, A, B, C, D, E kimi növləri var. Hər biri müxtəlif quruluşlu virus tərəfindən törədilir. Hepatit xəstəsi və ya daşıyıcısı hamilə qadının baxımında bizi əsas 4 məqam maraqlandırır:

1.      Hepatitin hamiləliyin gedişinə, və əksinə, hamiləliyin hepatitin gedişinə təsiri.

2.      Doğuş zamanı peyvənd və immunoqlobulin vasitəsilə anadan dölə yoluxmanın qarşısının alınması.

3.      Hamiləlik zamanı müalicənin mümkünlüyü, müalicə məqsədilə istifadə olunan dərmanların dölə təsiri və teratogen effektləri.

4.      Hamiləliyin normal doğuş və ya kesar kəsiyi ilə başa çatdırılması, döşlə əmizdirmənin mümkün olub-olmaması.

 

Hepatit A.

Hepatit A virusu fekal-oral yolla yoluxur. Yoluxmanın səbəbi sanitariya qaydalarına düzgün əməl edilməməsidir. İnsanlar virusla kontaminasiya olunmuş su, qida məhsulları, məişət əşyaları, çirkli əllər vasitəsilə yoluxur.

Kəskin qaraciyər iltihabı baş verir və xəstəlik adətən sağalma ilə nəticələnir.

Simptomları subfebril temperatur, ürəkbulanma, qusma, qastroenterit, sağ qarınüstü nahiyədə ağrı, sarılıqdır.

Klinik müayinədə: Anti HAV İgM (+)

Anandan cift vasitəsilə dölə keçmir.

Hepatit A virusu ilə yoluxmuş anadan dölə doğuş zamanı və doğuşdan sonra yoluxması mümkündür. Ana südündə virus RNT-nə rast gəlinsə də, yenidoğulmuşa 0.5 ml standart İg inyeksiyasından sonra əmizdirməyə icazə verilir.

 

Hepatit B.

Hepatit B qaraciyəri zədələyən virus xəstəliyidir. Hal-hazırda dünyada 350 milyon hepatit B virusu daşıyıcısı yaşayır. Hepatit B virusu ilə yoluxmuş şəxslərin bütün bioloji mayelərində-qanda, ağız suyunda, tüpürcəkdə, sidikdə, spermada, uşaqlıq yolu sekretində, ana südündə virus aşkarlanır. Hepatit B virusu parenteral yolla - qanla və cinsi əlaqə zamanı, bu bioloji mayelərə bulaşmış əşyalarla-diş fırçası, ülgüclə və s. yoluxur. Lakin sadəcə təmasla yoluxma baş vermir.

Hepatit B yoluxmadan sonra heç bir əlamətlə özünü göstərməyə bilər, və ya əzələ ağrısı, həzm pozulmaları, subfebril temperatur, yorğunluq, sarılıq kimi əlamətlər üzə çıxa bilər.

NOT: Diaqnoz qoymaq üçün qan testi götürülür. Qanda HBs antigenin titri müəyyən olunur. Əgər test pozitivdirsə, qanda HBe antigenin olub-olmaması yoxlanılır. Əgər, anada HBe antigen pozitiv olarsa, doğuş zamanı dölün yoluxma ehtimalı 90%-dir. Hbs Antigenin pozitiv, Hbe antigenin neqativ olduğu hallarda körpənin yoluxma ehtimalı 10-20% arasında dəyişir

 

Onu da qeyd edək ki, Hepatit B infeksiyası teratogen deyil, lakin kəskin infeksion proses vaxtından qabaq doğuş və və dölün bətndaxili inkişaf geriliyinə səbəb ola bilir.

Yenidoğulmuşun yoluxması çox təhlükəlidir. Bu dövrdə yoluxan uşaqlarda gələcəkdə Hepatit B 90% hallarda xroniki infeksiyaya çevrilir, qaraciyər çatışmazlığı, sirroz, qaraciyər xərşənginə gətirib çıxarır.

 

SUAL: Hepatit B daşıyıcısyam. Doğuş zamanı körpəmə Hepatit virusu yoluxarmı?

Əgər, Hepatit B testiniz pozitivdirsə, doğuş zalında körpəyə

·         Hepatit B vaksini ilə aktiv immunizasiya və

·         1 doza Hepatit B immunoqlobulini ilə passiv immunizasiya aparılmalıdır.

 

Əgər bu tədbirlər aparılarsa, körpənizin yoluxma ehtimalı 0-3 % arasında dəyişəcəkdir.

SUAL: Hamiləlikdə verdiyim qan analizlərinin nəticəsində Hepatit B daşıyıcısı olduğumu öyrəndim. Gələcəkdə körpəmi döşlə əmizdirə bilərəmmi?

   Hepatit B virusu ana südünə keçir. Əmizdirmə zamanı körpənizin ağız boşluğunda və ya həzm kanalında selikli qişanın tamlığı pozulmuş ən kiçik bir nahiyədən yoluxma ehtimalı olduğundan əmizdirməməyiniz məsləhətdir.

Hepatit C.

Hepatit C virusu parenteral yolla-qanla yoluxur. Diaqnoz da qan testləri vasitəsilə qoyulur. Hal-hazırda dünyada 200 milyon xroniki Hepatit C xəstəsi yaşayır.

SUAL: Hepatit C xəstəsiyəm. Bətnimdəki körpəmi necə qoruya bilərəm?

Hepatit C ilə yoluxmuşsunuzsa, bətninizdədə dölün yoluxma ehtimalı virus yükündən asılıdır. Virus yükü 1 ml qanda olan aktiv virus sayıdır. Əgər virus yükü 1 mln/1ml və daha artıqdırsa, dölün yoluxma ehtimalı 18-20%-dir. Virus yükü azaldıqca dölün yoluxma ehtimalı da azalır.

Doğuş zamanı isə yoluxma ehtimal 5-6%-dir.

SUAL: Hepatit C xəstəsiyəm. Körpəmi əmizdirə bilərəmmi?

Hepatit C virusu ana südünə keçir, buna görə də körpənizi əmizdirməməniz məsləhətdir.

Hamiləlikdə Hepatit əleyhinə dərmanlar.

Hamiləlikdə xroniki hepatitlərin müalicəsində istifadə olunan interferon istifadə edilməməlidir. Çünki interferon teratogen təsirlidir. Hətta interferonla müalicə olunmusunuzsa, müalicədən sonra 6 ay ərzində hamilə qalmanız məsləhət deyil.

Hepatit D.

Hepatit D virusu yalnız hepatit B xəstələrində infeksion proses törədir. Bu virus çoxalmaq və infeksion proses törətmək üçün Hepatit B virusunun səthi antigeni-HBs antigendən istifadə edir.

Qan vasitəsilə yoluxur. Yalnız hepatit B xəstələri bu virusla yoluxur, və ya yoluxma üçün hepatit B və D virusları eyni anda yoluxmalıdır.

Hepatit D virusu ilə yoluxma sakit gedən xroniki Hepatit B xəstəliyinin simptomlarının kəskinləşməsinə səbəb olur, yorğunluq, ürəkbulanma, qusma, başağrı, temperaturun yüksəlməsi, əzələ və oynaq ağrıları yenidən özünü biruzə verir.

Hamiləlik zamanı hepatit D virusu yoluxmuş anadan dölə keçə bilər. Nəzərə alsaq ki, infeksion prosesin inkişafı üçün hepatit B virusu olmalıdır, hepatit B-yə qarşı aparılan tədbirlər Hepatit D-nin də qarşısını almaqda əsas vasitədir.

 

Hepatit E.

Hepatit E fekal-oral yolla yoluxur. Virus yoluxmuş xəstələrin nəcisi ilə xaric olur, çirkli əllər,  çirklənmiş su, qida məhsulları ilə oral yolla yoluxma baş verir. Hepatit A kimi Hepatit E virusu da yalnız kəskin infeksion proses törədir. İştahasızlıq, qarın ağrısı, temperaturun yüksəlməsi, ürəkbulanma, qusma, sarılıq, halsızlıq, yuxululuq, yorğunluq, əzələ ağrıları, çəkinin itirilməsi ilə özünü biruzə verir.

Diaqnoz spesifik İgM və ya virusun genetik aparatının qanda aşkarlanması ilə qoyulur.

Hamiləlikdə xəstəliyin gedişi ağırlaşır. Hepatit E 1% hallarda ölümə səbəb olsa da, hamilə qadınlarda bu faiz 20-yə qədər yüksəlir. Belə hamilə qadınlarda vaxtından qabaq doğuş 66% hallarda rast gəlinir.