Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlikdə stress və meditasiya

   Hamilə qadının stress keçirməsi gələcək körpəsinin organizminə,gələcək zehni fəaliyyətinə, həyati qavrama şəklinə təsir göstərir. Ana stress keçirən zaman plazmada kortizol, adrenalin kimi stress hormonlarının səviyyəsi artır. Bu hormonlar cift varsitəsilə döl qan dövranına keçə bilir. Bunun nəticəsində döldə immun hüceyrələrin yaranması prosesi zəifləyir. Stress immun sistemlə yanaşı dölün beyninin inkişafına da öz təsirini göstərir. Hamiləlik zamanı ağır stress keçirən anaların uşaqlarında gələcəkdə diqqət dağınıqlığı, hiperaktivlik, panik atak, depressiya kimi psixoloji pozulmaların rast gəlmə tezliyi artır.

     Ananın səsi bətnindəki körpənin  ən çox vərdiş etdiyi səsdir. Ananın səsində narahatlıq, təşviş, həyəcan hiss olunursa, bu ilk növbədə  bətnindəki dölə təsir edir.

     Bununla yanaşı, stressin hamilə qadının bağırsaq və vaginasının mikriflorasına təsir etdiyi, laktobasillərin  miqdarını azaltdığı sübut olunmuşdur. Döl doğularkən bağırsaqları sterildir. İlk yoluxma ananın doğuş yolları vasitəsilə olur. Bu zaman ananın vaginal mühiti laktobasillərlə nə qədər zəngin olsa, yenidoğulmuşun bağırsaq mikroflorası da laktobasillərlə bir o qədər zəngin olur.

     Stressi idarə etmənin yollarından biri də meditasiyadır. Qeyd edək ki, burada bəhs etdiyimiz meditasiya dini ayin deyil, rahatlama, stressdən və zehni  yoran düşüncələrdən uzaqlaşaraq anın fərqinə varma, anı yaşama üsuludur. Hamiləlikdə meditasiya ilə məşğul olmağın bir sıra faydaları var.

Fizioloji faydaları:

1.    Maddələr mübadiləsini sürətləndirir və qan dövranını yaxşılaşdırır.

2.    Sərbəst radikalların miqdarını azaldır.

3.    Tənəffüsü tənzimləyir.

4.    Enerji tənzimləyir.

5.    Ürək döyüntüləri sayını azaldır, qan təzyiqin aşağı salır.

6.    Qanda xolesterol, kortizol, adrenalin, laktat səviyyəsini azaldır.

7.    Yaşlanma prosesini gecikdirir.

8.    İmmun sistemi qüvvətləndirir.

 

Psixoloji faydaları:

1.    Diqqəti cəmləməyə kömək edir, yaradıcılıq və intuisiyanı inkişaf etdirir.

2.    Fərdi inkişafınıza kömək edir.

3.    Beyin dalğalarını tənzimləyir.

4.    Stress, narahatlıq, depressiyanın qarşısını alır.

5.    Seratonin,dofamin , endorfin sintezini artıraraq pozitiv emosiyaların yaranmasına səbəb olur.

6.    Özünə əminlik,inam və sakitlik yaradır.

Meditasiya üçün sakit, yer və boş vaxt tapın. Yaxşı olar ki, meditasiya ilə hər səhər və ya axşam eyni vaxtda məşğul olasınız. Mobil telefonunuzu, televizor, kompüterinizi söndürün. Yerə örtük sərərək üzərində bardaş quraraq oturun. Belinizi dik tutun. Nəfəsinizi tənzimləyin.