Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Əkiz hamiləliyin yaranma səbəbləri

Monoziqot əkizlərin yaranması tamamilə təsadüfi olub, yaş, irq, daha öncəki hamiləlik sayı və digər faktorlardan asılı deyil. Bütün insan populyasiyalarında 1000 doğuşdan 3-4-nü təşkil edir. Lakin, süni mayalanma nəticəsində əmələ gələn hamiləliklərdə faizi artır, bunun səbəbi kimi zona pellucida adlanan qişanın defekti, bunun sayəsində ziqot bölünərkən əmələ gələn hüceyrələrin bir-birindən ayrılması və  hər birinin yeni orqanizmə başlanğıc verməsi göstərilir.

  Diziqot, yəni ayrı yumurta əkizlərinin əmələ gəlməsi isə bir çox fakorlardan asılıdır.

·         Əgər qadın daha əvvəl bir dəfə diziqot əkizlərə hamilə qalmışdırsa, növbəti hamiləliklərdə bunun təkrarlanma ehtimalı 2 dəfə artır.

·         Birinci dərəcəli qohumlarda əkiz uşaq doğulması riski artırır. Ailənin ata tərəfində əkiz uşaq doğulması riskə təsir etmir.

·         Diziqotik əkizlərə hamilə qalma ehtimalı ana yaşı artdıqca artır.

·         Ovulyasiyanın stimulyasiyası və süni mayalanma əkiz hamiləlik riskində artışın digər səbəbləridir.

·         İrq faktoru əhəmiyyətlidir, belə ki, Asiyalılarda diziqot əkiz hamiləliklər 3/1000, Afrikada müxtəlif bölgələrdə 10/1000 ilə 40/1000 arasında dəyişir.

·         Hormonal kontrasepsiyanın yeni dayandırılması, ananın bədən kütlə indeksinin artmış olması da əkiz hamiləlik riskini artıran etioloji səbəblərdəndir.

Çoxdöllü hamiləliklər həm ana, həm döllər üçün bir sıra ağırlaşmaların artmış faizi ilə əlaqəlidir. Buna görə də, yüksək riskli hamiləliklər adı altında sıx təqib edilən hamiləliklərdən biridir.

·         Çoxdöllü hamiləliklərdə hormonların miqdarı ana plazmasında daha yüksək səviyyədə olduğundan ürəkbulanma və qusma daha şiddətli olur.

·         Qan plazması həcmi təkdöllü hamiləliklərə nəzərən 10-20% daha artıq artır.Buna görə də, ürəyin işi daha çox artır və plazma həcminin artmasına bağlı anemiya çox rast gəlinir.

·         Çoxdöllü hamiləliklərdə ananın kalori ehtiyacı təkdöllü hamiləliklərə nəzərən 300 kkal/gün daha artıqdır.

·         Çoxdöllü hamiləliklərdə erkən doğuş riski artmışdır. Aparılan çalışmalarda döl sayı ilə doğuşun təxmini vaxtı arasında aşağıdakı asılılıq müəyyən olunmuşdur.

Tək döl-40 həftə

İki döl-36 ½ həftə

Üç döl-33 həftə

Dörd döl-29 ½ həftə

Beş döl- 26 həftə

Ciftin bitişmə anomliyaları daha çox rast gəlinir.

·         Normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması riski təkdöllü hamiləliklərə nəzərən 3 dəfə artmışdır.

·         Çoxdöllü hamiləliklərdə metabolik pozğunluqlar təkdöllü hamiləliklərə nəzərən daha artıq rast gəlinir. Qan şəkəri daha tez aşağı düşür, yemək qəbulundan sonra daha artıq miqdarda insulin sintez olunur, hestasion diabet belə hamiləliklərdə daha çox rast gəlinir.Hestasion diabet təkdöllü hamiləliklərdə 3%, əkiz hamiləliklərdə 7%, üçdöllü hamiləliklərdə 9%, dörd döllü hamiləliklərdə 11% hallarda rast gəlinir.

·         Həmçinin, hamiləliyə bağlı arterial hipertenziya və preeklampsiya riski artmışdır.

·         Çoxdöllü hamiləliklərdə kongenital anomaliya riski yüksəkdir.

·         Hər iki amnion boşluğunda və ya birində dölyanı maye miqdarı artıq ola bilər.

·         Döllərdən birinə az, birinə çox qan getməsi nəticəsində biri yaxşı, digəri pis inkişaf edə bilər.

·         Monoziqot əkizlərdə döllərin qidalandığı damarların eyni plasentadan başlanğıc götürdüyü üçün bəzən “əkizdən-əkizə transfuziya sindromu” deyilən bir hal meydana gələ bilir. Bu zaman donor döl böyüməsi geri qalmış, anemik, hipotenziv, dölyanı mayesi az olur. Reseptor döl isə artmış qan həcmi ilə əlaqədar yaxşı inkişaf edir, hipertenziv, dölyanı mayesi çox olur.

·         Uşaqlığın çox dartılması səbəbilə doğuşdan sonra atoniya və qanaxma riski yüksəkdir.