Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik və pilates

     Pilates metodu tarixdə ilk dəfə Almaniyalı Joseph  Huberts Pilates(1883-1967) tərəfindən təklif olunmuş və inkişaf etdirilmiş idman hərəkətləri sistemidir. Özü astma, revmatizm, raxit kimi xəstəliklərdən əziyyət çəkən Pilates uşaq ikən ailə həkimlərinin ona verdiyi anatomiya kitabından insan əzələlərinin, oynaqlarının quruluşunu öyrənir. Daha sonra hazırkı pilates hərəkətlərini və alətlərini dizayn edərək ömrünün sonuna qədər xəstələrin reabilitasiyası ilə məşğul olur və alətləri təkmilləşdirir.

     Joseph Pilates idman hərəkətləri haqda deyirdi: “Sadəcə 3 dərsdə fərqi hiss edəcək, 20 dərsdə fərqli bədənə sahib olacaqsınız.30 seans sonra tamamilə yenilənmiş bədənə, xüsusilə də sağlam, qüvvətli qarın və bel əzələlərinə sahib olacaqsınız.”

  

Pilatesin digər idman hərəkətlərindən üstünlüyü nədədir?

 Pilates hərəkətlərinin məqsədi qarın və bel bölgələrini bərabər gücləndirib bədənimizin üst hissəsində sağlam skelet formalaşdırmaqdır.Xüsusilə bel ağrılarının artdığı 2-ci trimestr pilatesə başlamaq üçün ideal vaxtdır. Klassik idman hərəkətlərinə zəif əzələlər zəifləməyə, güclü əzələlər güclənməyə meyl edir. Bu da, əzələlər arasında tarazlığın pozulmasına,xroniki bel ağrısı və zədələnmələrə səbəb ola bilir. Pilatesdə isə əzələ sistemi bir vəhdət olaraq gücləndirilir.Çəki itirməsəniz belə, incə görünmənizsə səbəb olur. Orqanizmi qüvvətləndirir, maddələr mübadiləsini sürətlənməsinə səbəb olur, immuniteti gücləndirir.

 

   Pilatesdə çox təkrar əvəzinə hər hərəkətin  daha az sayda, müəyyən edilmiş qaydaya uyğun edilməsi daha mühümdür.

Pilatesin 6 prinsipi var:

1.Diqqətin cəmlənməsi.

“Hərəkətləri yerinə yetirərkən bütün diqqətinizi cəmləyin.Əks halda, hərəkətin bütün faydalarından məhrum olarsınız.” J.Pilates

2.Orqanizmin idarə olunması- hərəkətlərin tam yerinə yetirilməsi, detallara diqqət etmək ən yaxşı nəticəni almağakömək edəcəkdir.

“Düzgün qamət bütün bədən mexanizmləri kontrol altına alındığı zaman qazanıla bilər”J.Pilates

3.Mərkəzləşmə.Pilates metodunda bədənin ağırlıq mərkəzi göbək ətrafı, bel, çanaqdır.

4.Hərəkətlərin ardıcıl icra edilməsi.Hərəkətlər tələsmədən, amma eyni zamanda dayanmadan edilməlidir.

5.Dəqiqlik.Hərəkətlər dəqiq edilməlidir.

“Bir neçə düzgün sıralama ilə edilmiş doğru hərəkət saatlarla necəgəldi edilmiş idman hərəkətlərindən daha dəyərlidir.”J.Pilates

6.Nəfəs.Dərin və düzgün nəfəs alıb-vermə bədən ilə zehni birləşdirir, orqanizmi stabilləşdirir,qana qarışan O2 qazının miqdarını artırır, CO2 qazının miqdarını azaldır.

“Nəfəs həyatın ilk və son fəaliyyətidir.Buna görə də hər şeydən əvvəl düzgün nəfəs almağı öyrənmək lazımdır.”J.Pilates

 

Hamiləlikdə pilatesə başlamaq istəyirsinizsə, hamilə qalmadan əvvəl heç vaxt bu idman növü ilə məşğul olmamısınızsa başlamadan öncə mütləq həkiminizlə məsləhətləşin!

Hamiləlikdə istənilən trimestrdə pilateslə məşğul olmaq olar, lakin trimestrlərə görə hərəkətlər dəyişəcəkdir.Buna görə də, ev şəraitində deyil, mütləq nəzarət altında pilateslə məşğul olun.

 

Hamillikdə pilatesin faydaları:

1.Əzələ və oynaq problemlərinin aradan qaldırılmasında mühüm vasitədir.

Onurğa əyrilikləri, yırtıq, əzələ  və oynaq problemləri olan hamilələr üçün davamlı pilateslə məşğul olmaq çox faydalıdır.Sümük-əzələ sistemində müsbət yöndə dəyişikliklərə səbəb olmaqla pilates hamilə qadınlarda ağrıların azalmasına səbəb olur.Əgər bu növ problemləriniz varsa, yaxşı olar ki, hamilə qalmadan öncə pilatesə başlayıb hamiləlik zamanı davam edəsiniz.

2.Çanaq dibi əzələlərini möhkəmləndirir.Bu da, doğuşdan sonra aralığın daha tez bərpa olunmasına və cinsi həyatın daha tez qaydaya düşməsinə kömək edir.

3.Hamiləliyə bağlı əmələ gələn ödemləri azaldır.

Hamiləlikdə orqanizmdə hər zaman olduğundan daha çox ödem toplana bilər.Pilates əl və ayaqlarda, qarında toplanan ödemi atmağa kömək edəcəkdir.

4.Hamiləlikdə pilateslə məşğul olmaq doğuşu asanlaşdırır.

Çünki, qarın, çanaq dibi əzələlərini möhkəmləndirir, diqqəti toplamaqda, gərgin əzələ fəaliyyəti zamanı nəfəsinizi düzgün idarə etməkdə sizə kömək edir.Unutmayın ki, doğuş da əzələ fəaliyyətinin bir növüdür.

5.Pilates zahılıq dövründə normal gündəlik  həyata geri dönmə müddətini qısaldır.Pilateslə məşğul olan hamilələrdə doğuşdan sonra uşaqlıq əzələsi, uzanan və yumşalan qarın əzələləri daha yaxşı yığılır.

6. Pilates hamilə qadının psixologiyasına müsbət təsir edir.

Hamiləlikdə özünüz və gələcək körpənizin sağlamlığı üçün nəsə etmək belə sizin mənən rahatlamanıza səbəb olacaqdır.Nəfəsinizi düzgün idarə etməyi, qamətinizi düzgün saxlamağı öyrənəcəksiniz.Bunun sayəsində özünüzə güvəniniz artacaq və doğuşa zehni hazırlıq baxımından addım atmış olacaqsınız.Həmçinin yuxu rejiminizin düzəlməsi psixologiyanıza müsbət təsir edəcəkdir.